Qarabağ

Qarabağ danışıqlarında tarixi dönüş: Bu dəfə şərtləri Azərbaycan diktə edir – TƏHLİL

Sentyabrın 27-dən başlayaraq, Ermənistanın silahlı qüvvələri öz təcavüzkar və işğalçılıq siyasətini davam etdirmək üçün Azərbaycana qarşı növbəti hərbi təxribata başlayıb.

Bu təxribata layiqli cavab olaraq Azərbaycan Ordusu genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirib. Həmin vaxtdan başlayaraq Azərbaycan xalqı yekdilliklə ordumuzun əks-hücum əməliyyatını dəstəkləyib.

Döyüşlər başlayan vaxtdan on minlərlə Azərbaycan vətəndaşı əsl vətənpərvərlik və qətiyyətli mövqe nümayiş etdirərək, döyüşə getməyə hazır olduqlarını bildirib.

27 sentyabrdan başlanan müharibədə Azərbaycan ordusu uğurlu əks-hücum əməliyyatı keçirib, öz sözünü deyib və gücünü dünyaya nümayiş etdirib. Azərbaycan bir məqsədi var: öz torpaqlarını işğalçı qüvvələrin nəzarətindən azad etmək.

Ötən gün Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşü baş tutub. Nəticədə, Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin bəyanatı qəbul edilib.

Bildirilib ki, 2020-ci ilin 10 oktyabr, saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur. Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.

Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar, tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq edirlər.

11 saat ərzində davam edən danışıqlar prosesin mürəkkəb olduğunu və gərgin bir şəraitdə aparıldığını göstərir.

Təbii ki, humanitar atəşkəs birinci mərhələdir. Hərbi əməliyyatlar gedişində hərbi əməliyyatlar nəticəsində tam Azərbaycanın xeyrinə dəyişilmiş vəziyyət siyasi və diplomatik müstəviyə daşınmalıdır. Bu proseslər paralel şəkildə aparılmalıdır ki, əldə edilmiş nailiyyətlər daha da gücləndirilsin.

Artıq danışıqların gedişində şərtləri Azərbaycan müəyyən edir və Azərbaycana qarşı hər hansı şərtlərin irəli sürülməsinin qəbuledilməzliyini hamı başa düşdü. Azərbaycan işğalçı qüvvələri öz ərazimizdən çıxarmaqla haqq-ədaləti qoruyur və hüquqlarını bərpa edir. Bütün bu əməliyyat Azərbaycana qarşı artan siyasi-diplomatik təzyiqlər şəraitində həyata keçirilir.

Prezident İlham Əliyev bu siyasi təzyiqlərə sinə gəlir və məharətli və vaxtında atılan diplomatik addımlarla Azərbaycana qarşı olan təzyiqləri neytrallaşdırır. Ermənistan və onun havadarlarının bir araya gələrək, Azərbaycana qarşı vahid diplomatik cəbhə formalaşdırılmasının qarşısı alınır.
Təbii ki, hər kəs də bilir ki, humanitar atəşkəs müvəqqəti xarakter daşıyır.

Ermənistan bundan sonra yenə də öz siyasətini davam etdirəcək və işğal olunmuş ərazilərdən öz qoşunlarını çıxarmayacaqsa, onda hərbi əməliyyatların bərpa olunması hər zaman baş verə bilər.

Burada mahiyyətli danışıqlar aparılmalı və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutan plan hazırlanmalıdır. Təmas xətti deyilən anlayış yoxdur. Münaqişənin hərbi həlli yoxdur tezisi də darmadağın edildi.

Prezident İlham Əliyev hər zaman, o cümlədən, Ermənistanın hərbi təxribatlarına qarşı başlanılan son əks-hücum əməliyyatlarının gedişində yenilməz siyasi iradə, əzm, qətiyyət, prinsipiallıq nümayiş etdirdi, düşmən ölkənin havadarları olan dövlətlər və böyük güclərin təzyiqlərinə baxmayaraq, Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə etdi.

Bir daha sübut olundu ki, Azərbaycanın milli maraqları Ali Baş Komandan İlham Əliyev üçün ən ali dəyərdir. Azərbaycan hərbi sahədə əldə etdiyi böyük uğuru həm də diplomatik müstəviyə keçirdi.

Ermənistanın danışıqları formatını dəyişdirmək və Dağlıq Qarabağdakı qondarma rejiminin danışıqlar prosesində tərəf kimi çıxış etməsinə nail olmaq, o cümlədən, 1994-cü il Bişkek protokolunu əlində bayraq etmək iddiasının üzərindən birdəfəlik xətt çəkildi. Ermənistan etiraf etdi ki, bu münaqişədə tərəf Dağlıq Qarabağdakı qondarma rejim deyil, məhz Ermənistan dövlətidir.

Ermənistan baş naziri Nikol Paşinyan artıq yeddi şərt irəli sürmür, ona diktə edilən şərtləri qəbul etmək məcburiyyətindədir. Bu gün danışıqlar prosesində məhz Azərbaycan öz iradəsini diktə edir və şərt irəli sürür.

Münaqişənin həll olunmaması və işğala əsaslanan status-kvonu saxlamaq üçün Ermənistana dəstək göstərilir və danışıqlar prosesi imitasiya olunmuş əsasda aparılırdı. Məqsəd tədricən Azərbaycan torpaqlarının Ermənistan tərəfindən ilhaqına nail olmaq idi.

Prezident İlham Əliyev qəti siyasi iradə nümayiş etdirərək 30 il ərzində qurulmuş və daim möhkəmləndirilən bu sistemi darmadağın etdi, Azərbaycanın işğalla heç zaman barışmayacağını sübut etdi.

ATƏT-in Minsk Qrupunun həmsədrləri status-kvonu dəyişmək üçün heç nə etmədilər. Mövcud diplomatik və hərbi ətalət həmsədrləri və Ermənistanı qane edirdi. Nəticədə, Azərbaycan özü status-kvonu dəyişdi. Dağlıq Qarabağın inzibati ərazisinə daxil olan Hadrutun və ətraf kəndlərin azad edilməsinin böyük geosiyasi əhəmiyyəti vardır.

İnanırıq ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan bütün torpaqlarımızı düşmən tapdağından azad ediləcək, Azərbaycan bayrağı əzəli torpağımız olan Qarabağda dalğalanacaq.

Otuz ilə yaxın doğma torpaqlarından didərgin düşən soydaşlarımız tezliklə öz yurdlarına qayıda biləcəklər.

Related posts

Düşmənin çox sayda hərbi texnikası məhv edildi – SİYAHI

Admin

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib – FOTO

Admin

Azərbaycanda nazirliyin 73 əməkdaşı cəbhəyə yollandı – RƏSMİ

Admin

Leave a Comment